Tariximiz

Ailəmizin 150 illik zəfərançılıq ənənələri

Uğur və keyfiyyətin sirri bir əsr yarımlıq ənənələrdir. 
Zəfəranla ailəmiz 150 ildən artıqdır ki məşğul olur. 
Mənim məqsədim isə bu ənənələri 
qoruyub saxlamaq və artırmaqdan ibarətdir.

Müşfiq Hüseynov 

Ailə təsərrüfatının beşinci nəsil sahibi.

Ailəmizin zəfərançılıq ənənələri bir əsr yarımlıq dövrü əhatə edir. Hələ  XIX əsrin 80-ci illərinin sonlarında mənim ulu babam zəfəran soğanaqlarını İrandan Ordubad rayonunun Dəstə kəndinə gətirərək həyatyanı sahəsində becərməyə çalışıb.
Zəfəran becərilməsinin sonrakı tarixi Abşeron yarımadası ilə bağlıdır. 1927-ci ildə Bakının Bilgəh kəndində “Zəfəran” sovxozu fəaliyyətə başlayıb. Bilgəhlə yanaşı sovxozun ərazisi Maştağa və Şüvəlan kəndlərinin də bir hissəsini əhatə edib.
1959-cu ildən babam Rəcəb Hüseynov sovxoza yaxın sahələrdə zəfəran becərməyə başlayıb. Sovet dövründə ailə təsərrüfatı sovxozla paralel olaraq inkişaf edib. Lakin Sovetlər Birliyinin süqutundan sonra sovxozun əkin sahələri kəskin şəkildə azalıb. Ailə təsərrüfatının da yenidən qurulmasında zərurət yaranıb.

Daha sonra atam Mikayıl Hüseynov zəfəran istehsalına daha dərin, peşəkar yanaşma ideyasını irəli sürüb. “AZZƏFƏRAN-AZSAFFRON” MMC təsis olunarkən zəfəranın istehsalı, toplanması və satışı ilə yanaşı “AZSAFFRON” brendi də yaranıb ki, hazırda bu brend altında zəfəranın əsasında tamamilə yeni məhsullar istehsal olunur. Sonralar “MIKTEA” zəfəran çayının istehsalına başlanılıb. 7 növ çayın Fransada təqdimatı keçiriləndən sonra bu məhsullar apteklərdə müalicəvi məcun kimi satılıb, həmçinin restoran və otellərdə istifadə edilib.

Ənənələr qırılmasın deyə övladlarıma da ailəmizin məşğul olduğu işə qarşı sevgi oyatmaq üçün mən hər il onları zəfəran plantasiyalarına aparıram. “AZZƏFƏRAN-AZSAFFRON” MMC-nin direktoru olaraq mən vurğulamaq istəyirəm ki, istehsal prosesinə və marketinqə düzgün yanaşma yerli zəfəranı beynəlxalq bazara çıxarmağa imkan yaradacaq.

Biz məhsulu beynəlxalq səviyyəyə çatdırmışıq. Artıq onu həm Azərbaycana gələn turistlərə təqdim etmək, həm də dünyanın müxtəlif ölkələrinə ixrac etmək olar. Məqsədlərimizdən biri də fermerlər və özəl təsərrüfatlara köməklik göstərməkdən ibarətdir ki, onlar keyfiyyətli məhsul yetişdirərək gələcəkdə onu brendləşdirə və böyük bazarlara çıxara bilsinlər. Buna görə biz Azərbaycan Zəfərançılığın İnkişafı Assosiasiyasını təsis etmişik. Ötən dövr ərzində biz bu sahədə müəyyən uğurlar əldə etmişik, başqalarına da təmənnasız olaraq köməklik göstərməyə hazırıq. Şirkətimizin həm elmi, həm də maliyyə dəstəyilə zəfəran haqqında kitab işıq üzü görüb. Biz bu kitabı müxtəlif dillərə tərcümə etdirib zəfərançılıqla məşğul olan hər kəs üçün əlçatan etməyi planlaşdırmışıq.

Şirkətimiz tərəfindən unikal vizual görünüşə malik qrammajına görə fərqlənən bir neçə növ qablaşdırmada zəfəran istehsal olunur. Yeyinti məhsullarından əlavə biz, “SARA” brendi altında kosmetik məhsullar da istehsal edirik. Bu istiqamətdə 30-dan artıq kosmetik məhsul hazırlanacaq: kremlər, yağlar, skrablar, üz maskaları, losyon, fillerlər, şampun, duş geli, sabun, spreylər və s. Kosmetik məhsullarımız hazırlanarkən müasir kosmetologiyada geniş tətbiq olunan hialuron turşusu, kollagen, ilbiz musini və digər əlavələr istifadə ediləcək.

Bundan əlavə, yaxın gələcəkdə istehsalına başlamağı nəzərdə tutduğumuz zəfəran ekstraktının unikal düsturunu hazırlamışıq. Kiçik bir dozası ilə bu ekstrakt hər-hansı bir mayeni zəfəranlı mayeyə çevirir. Həmçinin bizə zəfərandan birgə içki istehsal etmək üçün bir sıra təkliflər daxil olub.

Məqsədimiz zəfərandan dünyada ən yaxşı məhsullar istehsal edərək onları dünyanın hər bir nöqtəsinə çatdırmaqdır. Bunun üçün böyük miqyaslı işlər görülür. Abşeronla yanaşı Azərbaycanın digər regionlarında da becərilmə təcrübəmiz var, məsələn Bərdə və Füzulidə. Yaxın gələcəkdə Qarabağın işğaldan azad olunmuş ərazilərində də zəfəran plantasiyalarının salınmasını planlaşdırırıq.

Əminəm ki, tərəfdaşlarımızla əl-ələ işləyərək qoyduğumuz məqsədlərə çataraq zəfəranı Azərbaycanın qızıl brendinə çevirə biləcəyik.