Zəfəran haqqında

1001 dərdin dərmanı

Zəfəranın (yunanca Cro¬cus) vətəni Hindistan, Əfqanıstan, İran və Azərbaycan kimi Asiya ölkələri hesab edilir. Zəfəran hələ 4000 əvvəl yaşayan xalqlara məlum olub. Bu bitki Kiçik Asiya, İran və Əfqanıstan ərazisində yaşayan qədim xalqların ədəbiyyatında da öz əksini tapıb.

“Zəfəran” sözü ərəb dilindən “sarıyarpaqlı” kimi tərcümə olunan “azafran” sözündən əmələ gəlib. Çox güman ki, bu sözün etimologiyası daha da qədimdir, əsasını şumerlərin “azupiranu” sözündən götürüb. Zəfəran haqqında ilk yazılı mənbələrə Assuriya çarı Aşşurbanipalın kitabxanasında rast gəlinir. Zəfəranın faydası haqqında ilk yazılı sənəd isə e.ə. VII-ci əsrdə qələmə alınan “Assuriya botanikası” elmi əsəridir.

Şərq kahinləri mistik mərasimlər keçirdikləri zaman zəfərandan istifadə ediblər. Şərq ölkələrində bir sıra xörəklərə xüsusi dad və ətir vermək üçün ədviyyat qismində zəfəranın tellərindən istifadə olunub. Zəfəran həmçinin boya maddəsi kimi də tətbiq edilib. Bu haqda məlumatlara qədim yunan şairi Homerin məşhur “İlliada” əsərində rast gəlinir. Digər boyalarla yanaşı Qədim Finikiyanın ticarət şəhəri olan Sidonda istehsal olunan parçalar zəfəranla da boyanıb. I-ci əsrin əvvəllərində Qədim Roma yazıçısı Plini öz “Təbiət tarixi” əsərində qeyd edib ki, zəfərandan alınan boya maddələri ərəb ölkələrində istifadə olunur.

Mixək və istiot kimi zəfəran da bakterisid xüsusiyyətlərə malikdir, bakteriyaların çoxalma və üzvi maddələrin parçalanma sürətini olduqca azaldır. Buna görə də zəfəran əlavə edilmiş xörəklər uzun müddət təravətini itirmir.
Hələ qədim zamanlarda zəfəran həmçinin dərman kimi istifadə olunub. Böyük Azərbaycan şairi Nizami Gəncəvi öz əsərlərində dövrünün təbabəti haqqında maraqlı məlumatlar təqdim edir. Nizaminin tövsiyyə etdiyi dərman vasitələrindən biri də zəfərandır ki, o zamanlar bir çox xəstəliklərin müalicəsində istifadə olunub.

Zəfəran bu gün də tibdə tətbiq edilir. Xalq təbabətində bu bitki su çiçəyi, prostatit, astma, böyrək iltihabı, göz və ürək ağrıları, zob, revmatizm və digər xəstəliklərin müalicəsi zamanı istifadə olunur. Son onilliklərdə isə alimlər zəfəranın tərkibində selen maddəsi oluğundan bu bitkinin şiş xəstəliklərinə qarşı da faydasını müəyyən etmək üçün tədqiqatlar aparır.

Bir zamanlar zəfəran Kiçik Asiyadan İtaliyaya, oradan isə İspaniyaya gətilirib. Daha sonra o, İspaniyadan Cənubi Almaniya və Avstriya-Macarıstana aparılıb. Zəfəranın əsas istehsalçısı İrandır. Belə ki, dünyada zəfəran istehsalının 65%-dən çoxu bu ölkənin payına düşür. Avropada zəfəran istehsalına görə lider ölkə İspaniyadır. Bu bitki həmçinin Kəşmir əyaləti (Pakistan), ABŞ, Mərakeş, Hindistan, Meksika, Türkiyə, Fransa, Böyük Britaniya, Misir, Əfqanıstan və Çində yetişdirilir.

Keçmiş SSRİ məkanında zəfəran mədəni halda yalnız Azərbaycanda Abşeron yarımadasının Bilgah kəndində yerləşən Zəfəran sovxozunda becərilib. Öz keyfiyyətinə görə Azərbaycan zəfəranı tək postsovet məkanında deyil, həmçinin bir sıra xarici ölkələrdə də şöhrət qazanıb.

Son illər zəfəran istehsalının artırılması və becərilmə sahələrinin genişləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsinə böyük elmi və praktiki əhəmiyyət verilir.